23.02.2022
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə dair
Respublikaçı Alternativ (REAL) Partiyasının
MÖVQEYİ
22 fevral 2022-ci il tarixində Moskvada Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin imzaladığı Bəyannamə prezidentlərin görüşündən öncə bizdə və ictimaiyyətdə yaranmış mənfi gözləntiləri aradan qaldırdı.
Arxasında hüquqi qüvvəsi olmayan şifahi ya da gizli yazılı anlaşma yoxdursa, Bəyannamənin mətni və ümumi ruhu düzgün tətbiq edildikdə o, Azərbaycanla Rusiya arasında münasibətlərin sabit məcrada, ölkəmizin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına, daxili işlərinə qarışılmamasına, ölkələrimiz arasında hüquq bərabərliyinə, qarşılıqlı faydaya, mübahisələrin dinc yolla həllinə, gücün tətbiq edilməməsinə, güc hədəsindən imtinaya, beynəlxalq hüquq və normalarına əsaslanaraq davam etməsi üçün imkanları möhkəmlədir.
Sənədin geniş əhatəli olması publik diplomatiyanın regionumuza xas ənənələrindən irəli gəlir və Azərbaycanın üzərinə aşırı ya da yersiz öhdəliklər qoymur.
Bəyannamənin ortaya çıxması Azərbaycanın da mənsub olduğu geniş Şərqi Avropa coğrafiyasında son zaman davamlı hal almış gərginliklə əlaqədardır. Bu baxımdan, sənəd Azərbaycana həmin gərginliyin tərkib hissəsi olmamaq fürsətini verir ki, bu da ölkəmiz qarşısında duran post-münaqişə vəzifələri üzərində diqqətimizi daha çox cəmləməyə bizə imkan yaradır.
Bəyannamə ötən il Türkiyə və Azərbaycan arasında imzalanan və aylar sonrası Milli Məclisdə təsdiqlənən Şuşa Bəyannaməsi, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən təməl üzunmüddətli qarşılıqlı fəaliyyəti təyin edəcək sənədin bağlantısında mövcuddur.
Respublikaçı Alternativ partiyası bütün bu amilləri və bundan sonra müşahidə edəcəyi regional və ikitərəfli siyasi dinamikanı nəzərə alaraq Milli Məclisdə Bəyannamənin lehinə ya da əleyhinə səs vermək qərarını qəbul edəcək.