Lider
İlqar Məmmədov yeni nəsil siyasətçilərin - Respublikaçı Alternativ Partiyasının lideridir. Onun həyat hekayəsi dəyərlər uğrunda mübarizə aparan yeni nəslin hekayəsidir: Azad və ədalətli dövlət qurmaq, rəqabətə və şəffaflığa söykənən sistem yaratmaq, tərəqqini və rifahı əks etdirən toplum formalaşdırmaq.
İlqar Məmmədov gənclik illərindən siyasi proseslərdə fəal iştirak edib. İdeyalara dərin bağlılığı onu şəxsi həyatı üçün yaranan maddi imkanlardan imtina etməyə, fəaliyyətini yalnız siyasət və toplumun maraqları üzərində qurmağa vadar edib. Bu illər ərzində topladığı siyasi təcrübə ona, yeni siyasi təşkilat olan Respublikaçı Alternativin sədri kimi, güclü intelektual və peşəkar potensiala malik komanda yığmağa zəmin yaradıb.
O, 2013-cü ilin fevralında həbs olunduğu günə qədər hər zaman xalqın yanında olub. “Əsgər ölümlərinə son!” aksiyasında yeganə siyasi lider idi ki, gənclərlə birgə meydanda idi. 2012 və 2013-cü illərdə istər Quba, istər İsmayıllı hadisələrində, istərsə də Binə ticarətçilərinin etiraz aksiyaları zamanı yeganə siyasi lider idi ki, sadə insanların yanına gedib onların tələbləri ilə maraqlanmışdı.
İlqar Məmmədov 5.6 ildən artıq təqsirsiz olduğu təqdirdə, sadəcə indiki hakimiyyətin əsas alternativi və opponenti olduğuna görə həbsdə olub. Həbsxanada ona qarşı olan təzyiqlərə dəyanətlə müqavimət göstərən İlqar Məmmədov bu illər ərzində qətiyyətli lider kimi tərafdarlarının sayını çoxaltmağa müvəffəq ola bilib.
Ata
İlqar Məmmədov ailəlilidir və bir qız övladı var. O, həbs olunanda qızı Ayselin 9 yaşı var idi. Balaca olmasına baxmayaraq, baş verənlərin mahiyyətini dərk edən Aysel “atam haqsız yerə tutulmuşdu, o qəhrəmandır” deyir. İlqar Məmmədovun qızına ən çox tövsiyə etdiyi xüsusiyyət dürüst və qürurlu olmaqdır. “İnkişafın və tərəqqinin yolu təhsildən keçir, indi sənin görəcəyin iş – biliyə yiyələnməkdir” – bu sözləri o, hər görüşündə qızına deyirdi. On beş dəqiqəlik telefon zənglərində, ayda iki dəfə onu həbsxanaya ziyarətə gələndə belə Ayselin ev tapşırıqlarına kömək edir, dərslərini nəzarətdən kənar qoymurdu. O, bir ata kimi qızının xoşbəxt yaşaya biləcəyi firavan toplum uğrunda mübarizə aparır.
Menecer
İlqar Məmmədov Respublikaçı Alternativ Hərəkatının ideyasını irəli sürən və onu yaradan şəxslərdən biri olub. REAL İdarə Heyətinin sədri kimi o, ətrafında savadlı və dürüst insanları toplayıb. Onun rəhbərliyi ilə REAL Hərəkatının partiyalaşmasına start verilib və həbsdə olmasına baxmayaraq İlqar Məmmədov Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin sədri kimi bu prosesə şəxsən rəhbərlik edib. Bu işi o, uzun illər topladığı bilik və təcrübəsinə söykənərək həyata keçirə bilib.
1970-ci ilin yayında Bakıda bilim adamlarının ailəsində dünyaya göz açan İlqar Məmmədov on illik orta təhsilini Bakıda bitirib. Birinci ali təhsilini Rusiyanın ən qocaman təhsil ocağı – Lomonosov adına Moskva Dövlət Üniversitetində alıb. Daha sonra isə Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi-iqtisad üzrə magistr dərəcəsinə yiyələnib. Bu aralıqda isə SSRİ-nin soyuq ucqarlarında əsgəri xidmət keçib.
İlqar Məmmədov ilk iş təcrübəsinə Beynəlxalq Valyuta Fondunda konsultant vəzifəsindən başlayıb. Azərbaycanın yerləşdiyi regionunun inkişafına dair strateji vizyona sahib olduğuna görə, 2007-ci ildə İlqar Məmmədov Regional Əməkaşlıq Naminə Qara Dəniz Fondunun (Black Sea Trust for Regional Cooperation) Məsləhət Şurasına seçilib. Neft gəlirlərinin idarə olunması sahəsindəki təşəbbüsləri nəzərə alınaraq, İlqar Məmmədov 2007-ci ildə digər beynəlxalq təşkilat – Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) Məsləhət Şurasına üzv seçilib. Hər iki Şurada dünyanın tanınmış ictimai-siyasi liderləri təmsil olunurlar. Bundan başqa, 2006-cı ildən etibarən İlqar Məmmədov Açıq Cəmiyyət İnstitutunun Azərbaycan üzrə (Soros Fondu) İdarə Heyətinin, həmçinin Avropa Şurası Siyasi Məktəblər Şəbəkəsinin üzvü və Azərbaycan üzrə direktoru vəzifəsində çalışıb.
Bundan başqa İlqar Məmmədov NATO, BMT, Avropa Birliyi və bir sıra digər beynəlxalq qurumların məsləhətçisi və məruzəçisi kimi fəaliyət göstərib. O, xarici diplomatlarla bütün rəsmi və qeyri-rəsmi görüşlərdə ən çox Qarabağ və Zəngəzur məsələsini qabardıb.