Şəfinin hekayəsi

4 ildən çoxdu, REAL-la çox yaxınam. 3 ilə yaxındı üzv olmuşam. Təbii ki, bu müddət ərzində savadlı, ağıllı, səmimi insanları, mübarizə yoldaşları tanımışam. Xeyli tədbirlərdə oturub müzakirələr etmişik, təlimlərdə olmuşuq, əylənmişik, yeyib-içmişik. Sağlam düşüncəli insanlarla sağlam gələcək naminə çalışmışıq (ırıq). Bu müddət ərzində REAL-la bağlı xeyli yaddaqalan hadisələr olub. Lakin ən yaddaqalanı 2015-ci ildə, parlament seçkilərindən öncə başımıza gəlib. Deməli, dostum, əqidə yoldaşım Cavid Qara ilə birlikdə REAL-ın namizədi Azər Qasımlıya imza toplayırdıq. Azər bəy Səbail rayonundan namizədliyini irəli sürmüşdü. İçərişəhərdə bütün məhəllələri ev-ev gəzdik. Burda hər cür insana rast gəldik. Bizi öyən də oldu, söyən də. İmza üçün hər şey edirdik. Lakin yalan danışmadan. Elə oldu ki, 1 imzaya görə 1 saat dil tökdük, nəyin nə olduğunu izah etdik. Günortaya yaxın bir evin qapısını döydük, qapıya orta yaşlarda bir xanım çıxdı. Dedik, xanım, bəs imza toplayırıq, namizəd filankəsdi. Nəsə, kağızı əlimizdən aldı, girdi içəri. Biraz keçəndən sonra yanında da bir xanımla qayıtdı. Dedi ki, yoldaşım evdə deyil, imza ata bilmərəm. Biz də qapını bağlayıb çıxırdıq. Xanımlar bir-birilərinə nəsə pıçıldadı və bizi çağırdı. Ev yiyəsi olan xanım dedi ki, biz toyuq kəsməliyik, amma yoldaşım evdə deyil. Yalnız bir şərtlə imza verərəm ki, bu toyuqları kəsəsiz. Nə isə, uzun çək-çevirdən sonra toyuq gətirdilər. Cavidlə mən hərəmizə bir toyuq başı kəsdik, imzanı aldıq, getdik işimizi davam etməyə. O gündən bəri bizə "imzaya görə toyuq başı kəsən" ləqəbi qoyublar.