Respublikaçı Alternativin Mehman Əliyevlə bağlı Bəyanatı

26.08.2017

Avqust ayının 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə 3 ay həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin (CM) 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Mehman Əliyev azad mətbuatın qurucularından olmaqla yanaşı, bu işi indiyə qədər davam etdirən azsaylı peşəkarlardan biridir. Bu gün də azad mətbuatın mövcudluğu üçün səmimi və təmənnasız çalışan Mehman Əliyev Azərbaycanda müstəqil və qərəzsiz jurnalistikanın simvoluna çevrilmişdir.

Turan İnformasiya Agentliyi Azərbaycanda rəsmi şəkildə fəaliyyət göstərən sonuncu müstəqil və qərəzsiz kütləvi informasiya vasitəsi idi. Mehman Əliyevin həbsi söz azadlığının tamamən boğulması və ölkədə sərt avtoritar rejimə keçidə hazırlığın sübutudur. ReAl Mehman Əliyevin həbsini və artıq bir neçə ildir hakimiyyətin azad mediaya qarşı davam edən hücumlarını qətiyyətlə pisləyir və hesab edir ki, bunların məsuliyyətini birbaşa Prezident İlham Əliyev daşıyır.