Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən son hücum ilə bağlı Respublikaçı Alternativin (ReAl) bəyanatı

06.07.2017

İyulun 4-də Alxanlı kənd sakinləri - nənə və nəvə Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin böyük bir hissəsini işğal edən Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. 1992-ci ildə Xocalı şəhərinin ermənilər tərəfindən kütləvi qırğına məruz qaldığını nəzərə alsaq bu hücum bizi təəcübləndirmir.

Bu hadisə Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin nisbətən yeni mərhələsinin başlandığına işarədir. Ermənistan silahlı qüvvələri yaxın məsafəli artilleriya silahlarından istifadə edərək dinc əhaliyə qarşı total hücuma başlayıb. Onların hücum etdiyi kəndin heç bir hərbi əhəmiyyəti yox idi. Azərbaycan silahlı qüvvələri qarşı tərəfi nə buna təhrik, nə də məcbur etmişdi. Heç nə bu vəhşiliyə haqq qazanadıra bilməz. Bu hərbi cinayətidir.

Bu günə qədər beynəlxalq ictimaiyyət, xüsusilə Minsk Qrupunun həmsədrləri adlanan vasitəçilər kollektiv şəkildə problemin daha dərin anlaşılmazlığa yuvarlanmasına səbəb olublar. Beynəlxalq hüquqda "münaqişələrin sülh yolu ilə həlli" kimi bir anlayış yoxdur. Beynəlxalq hüquq münaqişələrin deyil, mübahisələrin sülh yolu ilə həlli prinsipini nəzərdə tutur. Mübahisə münaqişəyə qədər inkişaf edirsə, özünümüdafiə hüququ işə düşür. Gücdən qeyri-qanuni istifadənin nəticələri yalnız gücdən qanuni istifadə ilə aradan götürülə bilər ki, buna da BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın tam hüququ çatır. Hələ ki, Beynəlxalq ictimaiyyət kollektiv şəkildə Azərbaycanın bu hüququndan istifadə etməsinin qarşısını alır.

2003-cü ildə Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan bildirmişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan bir-biri ilə yola gedə bilməzlər. Bu açıq-aşkar irqçi bəyanat beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qaldı. Ermənistanın indiki prezidenti Serj Sarkisyan fəxrlə Xocalı qətliamında şəxsi iştirakını etiraf etsə də, beynəlxalq ictimaiyyətdən reaksiya gəlmədi.

Nənə və iki yaşlı nəvənin son qətli erməni liderlərinin cəzasızlıqlarının nəticəsidir. Beynəlxalq ictimaiyyət və xüsusilə Minsk Qrupunun həmsədrləri kollektiv şəkildə beynəlxalq hüquq normalarını kobudcasına pozan Ermənistanın fəaliyyətinin qarşısını almadığı üçün məsuliyyət daşıyır.

Biz, Respublikaçı Alternativ olaraq, Minsk Qrupunun həmsədrlərini bu fəaliyyətsizliyi dayandırmağa çağırırıq.