Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişiklərlə bağlı Respublikaçı Alternativin Bəyanatı

Biz, Respublikaçı Alternativ olaraq, toplumla, onu təmsil etməli olan qurumla, həmin qurumda hakim hesab olunan partiyayla məsləhətləşmədən, bununla bağlı öncədən məlumat vermədən, hər hansı ictimai, siyasi, ya da başqa ehtiyacın olduğunu anlatmadan, layihələndirmə işinin necə getməsinə dair açıqlama yaymadan Konstitusiyaya dəyişiklər təklifinin birbaşa Konstitusiya Məhkəməsinə göndərilməsini və bu haqda sonradan xəbərin verilməsini respublikaçı davranış tərzinə zidd sayırıq. Belə davranışla nə hüququn nüfuzunu, nə xalqın işitrakçılığını, nə hakimiyyətin legitimliyini, nə də konstitusyon ənənəni qurmaq olacaq.

Ölkənin dərin islahatlara ehtiyacı var. Bu islahatları hazırki siyasi sistemi qorumaqla gerçəkləşdirmək mümkün deyil. Konstitusiya, hətta indiki halında, hər nə qədər işlək olmasa belə, köklü islahatların təməli olmalıydı. Lakin, Konstitusiya ölkəmizin əsas qanunu ola bilmədi. Bunun bir səbəbi indiki YAP iqtidarı və onun siyasətidirsə, başqa səbəbi YAP-ın özünü də içinə almış və tamamilə təsirsiz hala gətirmiş siyasi sistemdir. YAP partiya funksiyalarını gerçəkləşdirə, özünün hesab etdiyi hökumətə nəzarət edə bilmir. Milli Məclisdə yerlərin çoxuna sahib olsa da, parlament fraksiyasını yarada biləcək gücdə belə deyil. Ölkə, faktiki olaraq, yalnız qeyri-konstitusyon yox, həm də qeyri-siyasi yollarla idarə olunur.

Bütün bunları və bunlardan doğan problemləri aradan qalırmağın tək doğru yolu var – sistemi kökündən dəyişmək. Konstitusiyaya təklif olunan dəyişikliklər sistemi nəinki dəyişmir, onu daha dərin böhrana sürükləyir, ölkə üçün əlavə risklər və təhlükələr yaradır.

Biz, Respublikaçı Alternativ olaraq, referenduma çıxarılması gözlənilən bu təkliflərə qarşı təşviqat aparmaq üçün qanunun icazə verdiyi gərəkli fürsətlərdən istifadə edəcəyik. Bunun üçün, referendum rəsmən təyin olunan kimi, REAL özünün referendum təşviqat qrupunu yaradacaq. Ən yaxın zamanda bu prosesə hazırlıqla bağlı REAL-ın bütün üzvlərinə gərəkli təlimatlar veriləcək. Referendum təşviqat qrupunun rəsmən qeydiyyatdan keçməsi üçün, REAL-ın tərəfdarlarına və təəssübkeşlərinə, öz vətəndaş (seçici) imzalarını vermələrinə yönəlik çağırışımız da olacaq.