AŞPA-nın Müşahidə Missiyası ilə bağlı Respublikaçı Alternativ Hərəkatının Bəyanatı

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçirilmiş parlament "seçkilərinin” müşahidə missiyasına daxil olan deputatların 02 noyabr 2015-ci il tarixində keçirdikləri mətbuat konfransı ilə bağlı

 

Respublikaçı Alternativ Hərəkatının Bəyanatı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müxtəlif partiyalardan olan 28 nəfərdən ibarət müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı "seçkilərdən” iki gün öncə Azərbaycana gəlmişdi.

 

Seçki qabağı mətbuat, sərbəst toplaşmaq, fikir, ifadə azadlığının olmaması, həbsdə 80-dən artıq siyasi məhbusun mövcud olmasına, QHT-nın fəaliyyətinin sıfıra endirilməsinə, vətəndaş cəmiyyətinin fəallarına olan təqiblər, həbslər və qondarma cinayət işləri, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qəbul etdiyi, həmçinin Avropa Şurasının Nazirlər Komitəsinin iki qərarının icra edilməməsi, seçki mühitinin ağırlaşmasına, əvvəlki seçkilərlə müqayisədə ödənişsiz efir vaxtının olmaması, seçki debatlarından məhrum şəraitdə seçkilərin keçiriləcəyinə qiymət vermədən, AŞPA-nın çox kiçik qısamüddətli müşahidə missiyasının yalnız seçki gününü qısamüddətli müşahidə etməklə seçkilərin demokratik keçirilməsi üçün uyğun bazanın yaradılmasını və səsvermənin beynəlxalq standartlara uyğun keçirildiyini bildirməsi Avropa dəyərlərini heçə saymaqdır.

Bununla da həmin deputatlar hakimiyyətə ölkədə qalan vətəndaş cəmiyyətinin üzvlərinə növbəti represiya dalğasının həyata keçirilməsi üçün zəmin yaradırlar.

REAL AŞPA-nın seçkiləri müşahidə qrupunun bir sıra üzvlərinin qrupun İspaniyadan olan rəhbəri Jordi Çekulanın seçkiləri müşahidənin nəticələri ilə bağlı açıqlaması ilə razılaşmayaraq parlament seçkilərini azad və ədalətli saymadığını xatırladır və AŞPA rəhbərliyini, eləcə də AŞPA-nıın siyası qruplarını təcili olaraq Jordi Çekulanın rəhbərlik etdiyi müşahidə qrupunun seçkiləri müşahidə fəaliyyətinin obyektivliyini araşdırmağa çağırır.