Respublikaçı Alternativ Hərəkatının partiyalaşmaqla bağlı Bəyanatı

Respublikaçı Alternativ Hərəkatının amalı – ölkəmizdə cümhuriyyət (respublika) yaratmaq, onu parlament respublikası şəklində qurmaq, ərazi bütövlüyünü bərpa etmək, Azərbaycanı, keçmişə qaytarmadan, tarixi məcrasına salmaq, vətəndaşlarımızın azadlığını və təhlükəsizliyini təmin etmək, cəmiyyətimizi müasir və mütərəqqi dünyagörüşlü, sağlam, bilikli, rəqabətədayanıqlı, açıq və çevik hala gətirməkdir.

Respublikaçı Alternativ Hərəkatı inanır ki,

• Ölkəmizin insanları həvəslidir, ünsiyyətçildir, yaradıcıdır, çevrələrinə açıq və özlərinə güvənəndir. Vətəndaşlarımız özəl təşəbbüsləri həmişə yüksək dəyərləndiriblər – özləri qazanıb, başqaları ilə paylaşmağa üstünlük veriblər. Azərbaycanda sovetdənqalma və ətalətlə davam edən idarəetmə təcrübəsi insanlarımızın bu təbii keyfiyyətinə zidd olduğuna görə, cəmiyyətimizin inkişafını əhəmiyyətli dərəcədə əngəlləyir. Hazırkı siyasi sistem və ona uyğun formalaşmış ictimai quruluş, xalqımıza Azərbaycanın coğrafi üstünlüklərindən, təbii sərvətlərindən, adət-ənənələrindən, dini və dünyəvi inanclarından yararlanmaq imkanı vermir. Bütün bu imkanları verən quruluş – Real Cümhuriyyətdir.

• Vətənimizin ən böyük sərvəti onun insanlarıdır. Vətən vətəndaşlardan başlayır. Vətəndaş olmaq – Vətənə sahib çıxmaq deməkdir. Vətənə sahiblik kimi ülvi mənəvi dəyərin siyasi, hüquqi və maddi təminatları olmalıdır. Bu təminatların məcmusu - Real Cümhuriyyətdir.

• Getdikcə qloballaşan dünyada gələcəyin həlledici münasibətləri coğrafi, hərbi, əmlak və ya başqa maddi üstünlüklər hesabına deyil, ölkələrin insan potensialından və onun rəqabətə dayanıqlı keyfiyyətindən asılı olacaq. Cəmiyyətimizə bu keyfiyyəti gətirəsi gələcək - Real Cümhuriyyətdir.

• İqtisadi inkişafın təməli insanların bilik və bacarıqlarıdır. Bilik və bacarıqların insanlara faydalı olması üçün onların asanlıqla mübadilə olunması gərəkir. Bilik dərd deyil, çarə olmalıdır. Saf ailə mühiti, sağlam təbiət çevrəsi, rahat və çatımlı mədəni təsisatlar olmadan, buna nail olmaq mümkünsüz olacaq. İnsanlarımızın xoşbəxtliyi üçün yol açacaq şərait – Real Cümhuriyyətdir.

• İnsanlarımızın dəyər verdikləri uğur örnəkləri, təbii və mədəni sərvətlər, ərazilər və sərhədlər, insani münasibətlər, gələcəyə yatırımlar ictimai təşəbbüslər və vəsaitlər hesabına qorunmalıdır. Bunun üçün müstəqil və qərəzsiz məhkəməyə, ədalətli və səmərəli polisə, güclü orduya ehtiyac var. Bu ehtiyacı ödəyəcək təsisat – Real Cümhuriyyətdir.

• Heç bir ölkə özünə qapanaraq inkişaf edə bilməz. Azərbaycanın gələcəyi onun dünyaya açılmasındadır. Keçmişdə və hazırda müxtəlif rejimlərin sınamağa çalışdığı "müstəsna yol”, "böyük tarixi keçmiş”, "analoqu olmayan inkişaf” kimi şüarlara söykənən siyasətin nəticəsi gerilik və rəzalətdir. Tarixi təcrübə göstərir ki, insanların, malların, xidmətlərin, pulların və ideyaların azad hərəkətini təmin edən ölkələr və bölgələr davamlı tərəqqi edə bilir. Azərbaycanda davamlı tərəqqini təmin edə biləcək gələcək – Real Cümhuriyyətdir.

• Vicdan azadlığı və etnik mənsubiyyət – insaniyyətin təməlidir. Azərbaycanın çoxdini və çoxetnik tərkibi – ölkəmizin zənginliyi, gələcək inkişafının zəmanətidir. Hər kəsin, təklikdə və başqaları ilə birlikdə, dinə münasibətini sərbəst seçmək, dəyişmək və ifadə etmək azadlığı, eləcə də, hər kəsin etnik kimiliyini rahat bildirmək, onu inkişaf etdirmək imkanı olmalıdır. Bu azadlıq və imkan yalnız başqaların vicdanına və kimliyinə hörmət çərçivəsində gerçəkləşə bilər. Bu gerçəkliyin təminatı – dünyəvi Real Cümhuriyyətdir.

• İnsanların rifahı onların mülkiyyətçi, sahibkar, elmi, yaradıcı təşəbbüslərindən asılıdır. Bu təşəbbüslərin hamıya faydalı olması üçün, özəl mülkiyyət toxunulmazlığı və müqavilə azadlığı olmalıdır. Vətəndaşların özəl həyatına hörmət – insan ləyaqətinin təməl şərtidir. Ləyaqətsiz ədalət mümkün deyil. İdrak, iştirak, dürüstlük və aydınlıq təcrübəsini ölkəmizə gətirəcək quruluş – Real Cümhuriyyədir.

Respublikaçı Alternativ Hərəkatı partiyalaşma qərarı verib. Biz partiya olaraq ideyalarımızı hakimiyyətə daşımaq əzmindəyik. Cümhuriyyət dəyərlərini paylaşan və bu yolu bizimlə birgə getmək istəyən vətəndaşlarımızı Azərbaycan Cümhuriyyətçilərinin yeni qurulacaq partiyasının Təşəbbüs Qrupuna üzv olmağa çağırırıq.

Bakı şəhəri,
24.01.2014