Respublikaçı Alternativ Hərəkatının 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisinin nəticələri ilə bağlı Bəyanatı

9 oktyabr 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkisi azad və ədalətli olmayıb, həm səsvermənin təşkilində, həm səsvermə prosesində, həm də səslərin sayılmasında ciddi qanun pozuntuları qeydə alınıb. Seçkinin uzunmüddətli müşahidəsini aparmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun rəyinə görə, prezident seçkisi beynəlxalq standartlara cavab verməyib, məntəqələrin yarıdan çoxunda səslər düzgün sayılmayıb, eyni adamların dəfələrlə səs verməsi halları və İlham Əliyevin xeyrinə bülletenlərin topa-topa qutulara doldurulması kütləvi hal alıb.

Respublikaçı Alternativ (REAL) Hərəkatı bütün bunları nəzərə alaraq və aşağıdakı səbəbləri qeyd edərək 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələrini qanunsuz hesab edir və İlham Əliyevin elan edilmiş qələbəsinin xalqın iradəsini əks etdirmədiyini bəyan edir

1.2009-cu ildə referendumla dəyişdirilsə də Azərbaycan Konstitusiyası İlham Əliyevin 3-cü müddətə prezidentliyə namizəd olmasını qadağan edir. Prezidentliyə 3-cü dəfə, namizəd olmaqla İlham Əliyev həm də respublikaçılıq dəyərlərini təhlükəyə atıb;

2.İlham Əliyevin əsas opponentlərindən biri, REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ilin fevralından qeyri-qanuni, uydurma cinayət işi əsasında həbsdədir, həbsdən əlavə İlqar Məmmədovun namizədliyi üçün qanunsuz əngəllər yaradılıb, onun namizədliyi əsassız olaraq qeydə alınmayıb;

3.Ölkədə seçki qeyri bərabər seçki mühiti mövcud olub. İlin əvvəlindən etibarən müxalifətçilər (NİDA Vətəndaş Hərəkatının liderləri, müxalifət partiyalarının faəalları, gənc fəallar, həmçinin dindarlar) siyasi sifarişlə saxta ittihamlar əsasında həbs edilmiş, sərbəst toplaşmaq və birləşmək azadlığı təmin edilməyib. Seçki dövründə hər bir rayon üzrə mitinqlərin keçirilməsi üçün cəmi 1 və yararsız yerin ayrılması sərbəst toplaşmaq azadlığını və siyasi kampaniya imkanlarını məhdudlaşdırıb;

4.Seçki təşviqat dövründən kənar və o cümlədən seçki təşviqat dövründə Azərbaycanda fəaliyyət göstərən bütün telekanallar, radiostansiyalar, dövlət büdcəsindən maliyyələşən qəzetlər İlham Əliyevin təbliğatını aparıb, mövcud olan bütün inzibati resurslardan onun yenidən prezdent olması üçün istifadə edilib;

5.Səsvermə günü seçkilərin nəticəsini dəyişən saxtakarlıqlar - İlham Əliyevin xeyrinə bülletenlərin topa-topa seçki qutularına atılması, əvvəlcədən təlimatlandırılmış şəxslərin qrup halında İlham Əliyevə dəfələrlə səs verilməsi halları kütləvi hal alıb. Bu saxtakarlıqlar seçkilərin monitorinqi üzrə ixtisaslaşmış ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyası və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və başqa müstəqil QHT-lərin müşahidəçiləri, o cümlədən öz təşəbbüsləri ilə müşahidə aparan fərdlər tərəfindən qeydə alınıb, foto və video çəkilişlərlə sənədləşdirilib.

REAL Hərəkatı bəyan edir ki, ölkədə qanun aliliyinin təmin edilməsi və qəsb edilmiş hakimiyyətin xalqa qaytarılması uğrunda Azərbaycan qanunları və beynəlxalq normalar çərçivəsində qətiyyətlə mübarizə aparacaqdır.

REAL Hərəkatı eyni zamanda Avropa Şurası Parlament Assambleyasının 32 nəfərlik və Avropa Parlamentinin 7 nəfərlik Müşahidə missiyalarının seçkinin güya şəffaf və ədalətli keçirilməsi ilə bağlı mövqeyinə kəskin şəkildə etiraz edir. Hərəkat hesab edir ki, belə mövqe adları çəkilən qurumların nüfuzuna ciddi xələl gətirir və bu missiyaların Azərbaycan hakimiyyəti ilə maddi marağa əsaslanan gizli anlaşmasının olması barədə ciddi şübhələr yaradır. REAL Hərəkatı Avropa Şurası Parlament Assambleyasını və Avropa Parlamentini bu məsələləri araşdırmağa çağırır.

 

Bakı şəhəri,

18.10.2013