Orduda əsgər ölümlərinə dair Respublikaçı Alternativ Hərəkatının bəyanatı

Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N” saylı hərbi hissəsində xidmət edən 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişməsi və sonradan əsgər anasının oğlunun döyülərək öldürüldüyünə dair yaydığı foto və videolar, ekspertizanın nəticələri hər bir Azərbaycan vətəndaşı kimi bizi də dərindən narahat edir. Azərbaycan Silahlı Qüvvələrində oxşar hallar, əsgərlərin zorakılığa məruz qalması, müxtəlif xəstəliklərdən ölmələri kimi hallar son illərdə daha da artıb.

Qeyri-hökümət təşkilatlarının yaydığı məlumatlardan da görünür ki, son 10 il ərzində Azərbaycan Silahlı Qüvvələrində 700-ə yaxın hərbi qulluqçu dünyasını dəyişib və onların 85 faizi qeyri-döyüş itkiləridir. Qeyri-döyüş itkilərinin səbəbləri içərisində əsas yeri də məhz zorakılıq, intihar, qeyri-nizamnamə halları təşkil edir.

Azərbaycanın mövcud hakimiyyəti hərbi sahəyə ayrılan vəsaitlərin Ermənistanın ümumi büdcəsindən çox olması ilə öyünür. Amma gerçəklik ondan ibarətdir ki, bu vəsaitin artırılması Silahlı Qüvvələrdə əsgər ölümlərinin sayının artması ilə müşayiət olunur. Artıq hər ay Azərbaycan ordusunda 8-10 əsgərin dünyasını dəyişməsi adi hala çevrilib. Ordu rəhbərliyi, deputatlar, Prezident Adminstrasiyasının nümayəndələri bu hadisələrə önəm vermirlər.

Bu gün Azərbaycan Silahlı Qüvvələrində durum çox acınacaqlıdır. Orduda idarəetmə iflic vəziyyətindədir, hərbi qulluqçuların sosial təminatı aşağıdır, insan haqları pozulur. Orduda cinayət hadisələrinin ört-basdır edilməsi, həqiqətlərin ictimaiyyətdən gizlədilməsi adi hala çevrilib. Ordu rəhbərliyinin korrupsiyaya bulaşması ilə bağlı məlumatlar isə KİV-də mütəmadi şəkildə dərc olunur.

Müdafiə Nazirliyinin rəhbərliyi – Müdafiə Naziri, Silahlı Qüvvələrin Baş Qərargah Rəisi, idarə rəisləri artıq 20 ilə yaxındır ki, eyni vəzifəni tuturlar. Orduda nizam-intizam qaydalarına riayət olunması istiqamətində də ciddi problemlər mövcuddur.

Respublikaçı Alternativ Hərəkatı hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrində, ümumiyyətlə Təhlükəsizlik və Müdafiə sektorunda ciddi dəyişikliklərin edilməsi, islahatların həyata keçirilməsinin vaxtı çoxdan çatıb. Biz siyasi hakimiyyətdən ilk növbədə aşağıdakı addımları atmağı tələb edirik:

1. Ölkə prezidenti Silahlı Qüvvələrdə baş verən çoxsaylı ölümlər barədə ictimaiyyətə məlumat versin;

2. Hərbi Prokurorluq Baş vermiş hər bir əsgər ölümünə görə cəzalandırılan şəxslərin adlarını açıqlasın və əsgər ölümlərində günahı olanlar, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyi məsuliyyətə cəlb olunsun;

3. Səfər Əbiyev başda olmaqla Müdafiə Nazirliyinin rəhbərliyi istefaya göndərilsin;

4. Ordunun real durumunu öyrənəcək müstəqil komissiya yaradılsın və eyni zamanda Silahlı Qüvvələrin Parlament və cəmiyyət qarşısında hesabatlılığı təmin edilsin;

5. Silahlı Qüvvələrdə zorakılıq hallarının aradan qaldırılması istiqamətində ciddi addımlar atılsın;

6. Hərbi Qulluqçuların nizamnamə qaydalarına uyğun olaraq xidmət şəraiti, sosial təminatı gücləndirilsin;

7. Müdafiə xərclərinin şəffaflığı təmin edilsin.

Respublikaçı Alternativ Hərəkatı bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələrində vəziyyəti müsbətə doğru kökündən dəyişdirəcək islahatları əks etdirən konsepsiyaya malikdir. Bu sənəddə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, yüksək sosial təminat, hərbi xidmət şəriaitinin qanunvericiliyə uyğunlaşdırılması məsələləri öz əksini tapıb. Biz yaxın gələcəkdə Ordumuzu Cümhuriyyətimizin əsl dayağına çevirəcəyimizə əminik.

Bakı şəhəri,
09.01.2013