Respublikaçı Alternativ (REAL) Hərəkatının təşəbbüs qrupunun Bəyanatı

Yeni tarix Azərbaycanı müsəlman aləminin cumhurriyətçilik örnəyinə çevirsə də, ən yeni dövrdümüzdə onun şahidiyik ki, ölkəmizə tərəqqi və hörmət qazandırmış Respublikaçılıq dəyərləri gözdən salınır. 1918-ci ilin indikindən daha çətin bir şəraitində, inandıqları dəyərlərə sədaqəti cəsarətlə qoruyub saxlaya bilən Azərbaycan Xalq Cümhürriyətinin baniləri Respublikaçılıq ideallarını gələcək nəsillərə miras qoydular. XX əsr, monarxların bir-bir yıxılması, respublika üsuli-idarəsinin zəfəri və danılmaz bəşəri uğurları ilə nəticələndi. Ona görə, bu mirasdan imtina etməyə biz azərbaycanlıların indi nə mənəvi haqqı, nə də ağılabatan səbəbi var. 

Hazırda Azərbaycan, çağdaş dövlətçilik modelindən sürətlə üzaqlaşır. Orta əsrlərin Avropasında olduğu kimi, inhisarçılıq iqtisadi həyatımızın normasıdır. Nəticə etibarı ilə, siyasi sistemdə də rəqabət mühiti yox dərəcəsinə enib. Mədəni həyatımızın geriləməsi ən geniş dairələrdə etiraf olunur. Azərbaycanın elmi, insanlığın qabaqcıl suallarına cavab axtarmaqdan, onun problemlərinin həllindən çox üzaq düşüb. Təhsilimiz və ictimai şüurumuz dar, azadlığı rədd edən siyasi, iqtisadi, mədəni və sosial çərçivədə boğulmaqdadır.

Biz istədiyimiz inkişafın təməl daşları davamlı dəyişiklik, yeniləşmədir. Onlar isə yalnız ədalətli rəqabət üstündə qurula bilər – biznesdən tutmuş seçkiyədək, müsiqidən tutmuş kinematoqrafadək, texnoloji inkişafdan tutmuş bankaçılığa qədər bütün sahələrdə rəqabətin indiki ədalətsiz durumu bizi çox qayğılandırır. Ölkəmizi geriyə aparan rəqabətsizliyin bir effektiv alternativi varsa, bu da real Respublikadır.

O üzdən, biz, sözü gedən idealların yenidən fəal təbliğini qurmaq məqsədilə Respublikaçı Alternativ (REAL) adı altında vətəndaş birliyi yaradırıq.

Inandığımız dəyərlər ölkəmizdə nə qədər tez yayılarsa, o qədər tez zamanda hələ Məmməd Əmin Rəsulzadənin çağırdığı "milli dirilik” gerçəkliyə çevriləcək. Millət olaraq, indiyə qədərki uğurlarımıza görə tariximizin milli dirilik epizodlarına borcluyuq. Gələcək qarşısında isə vəzifəmiz – həmin diriliyi millətimizin, insanlarımızın əsas özəlliyinə çevirməkdir.

Bakı şəhəri,
23.01.2009