31 Mart Soyqırımının ildönümü ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının BƏYANATI

31 Mart Soyqırımının ildönümü ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının

BƏYANATI

Tariximizin şanlı səhifələri ilə yanaşı, xalqımız faciələr də yaşamışdır. 1918-ci ilin mart soyqırımı bunlardan biridir.

1917-ci ilin Rusiya inqilablarından sonra Bakıda hakimiyyəti ələ keçirən Bakı Soveti Rusiyadakı yeni imperialist qüvvələrin iradəsini yerinə yetirirdi. Sovetdəki Bolşeviklər Erməni Milli Şurası və Daşnaksütyun partiyasının silahlı dəstələri ilə birləşib ölkəmizin etnik xəritəsini dəyişməkdən ötrü 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı soyqırım törətdilər.

Fərqli qaynaqlara əsasən, Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Qarabağ, Naxçıvan və Zəngəzurda törədilən qırğınlar nəticəsində on minlərlə dinc azərbaycanlı qətlə yetirildi.

Xalq Cümhuriyyətimiz fövqəladə istintaq apararaq bu cinayət haqqında böyük sayda sübutlar toplasa da, 1920-1991-ci illərdə Moskvadan idarə olunan Sovet hökuməti faciənin miqyasını xalqdan gizli saxlamağa çalışırdı. Yalnız dövlət müstəqilliyimizi bərpa etdikdən sonra 1918-ci ilin mart hadisələrinə obyektiv qiymət verildi.

Heç bir xalqa qarşı soyqırım bir daha təkrarlanmamаlıdır. Öz xalqımıza gəldikdə, bunun ən etibarlı təminatçısı müstəqil, demokratik, güclü Respublikadır.

31 Mart Soyqırımı qurbanlarını dərin hüznlə yad edir, xalqımıza başsağlığı veririk.