Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının Bəyanatı

26.02.2022

Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının

Bəyanatı

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı alayının iştirakı ilə törədilmiş Xocalı soyqırımının bu gün 30-cu ildönümünü qeyd edirik.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilərkən 63 uşaq və 106 qadın daxil olmaqla, 613 Xocalı sakini qətlə yetirilmişdi, böyük sayda vətəndaşımız isə əsir götürülmüşdü. Onlardan 150 nəfərinin taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımı 1987-ci ildən azərbaycanlılara qarşı yenidən başlanmış etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Onun nəticəsində həm Ermənistanda, həm də ölkəmizin bir ara işğal edilmiş ərazilərində 1994-cü ilədək azərbaycanlı heç qalmadı və bu vəziyyət 2020-ci ilə qədər davam etdi.

Ordumuzun qəhrəmanlığı, vətəndaşlarımızın bütün sahələrdə göstərdiyi qətiyyət və əzm uzun sürən haqsızlığa son qoydu – torpaqlarımız 44 günlük müharibə ərzində işğaldan azad edildi. Amma ədalətin tam bərpası üçün xalq və dövlət olaraq etdiklərimiz hələ kifayət deyil. Xocalıda cinayət törətmiş şəxslərin bir çoxu məhkəmə qaydasında təyin edilməli layiqli cəzasına hələ çatmayıb.

Xocalı qurbanlarını dərin hüznlə yad edirik. Azərbaycan xalqının bu faciənin yükünü aşaraq qələbə qazanması bizi bir daha əmin edir ki, Xocalıya ədalət məqsədinə də qısa tarixi zamanda çatacağıq.