Respublikaçı Alternativ (REAL) Partiyası üzvünün Etik Davranış Kodeksi

Respublikaçı Alternativ (REAL) Partiyası üzvünün Etik Davranış Kodeksi

(Partiya Siyasi Komitəsinin 19 dekabr 2020-ci il toplantısında təsdiq edilmişdir) 

I. Kodeksin məqsədləri 

Bu Kodeks üzvlərdən gözlənilən davranışın əsas prinsip və standartlarını təyin edir.

II. Kodeksin əhatə dairəsi 

Bu Kodeks heç bir halda üzvlərin şəxsi həyatlarına aid sahədə nə etdiklərini tənzimləmək məqsədi güdmür. 

III. Üzvlərin vəzifələri 

3.1 Üzv Azərbaycanın Respublika olaraq Konstitusiyasına, tərəfdar çıxdığı beynəlxalq müqavilələrinə, qüvvədə olan qanun və qanun qüvvəli aktlarına, beynəlxalq hüququn prinsip və normalarına, Partiyanın Nizamnaməsi və Proqramına əməl etməyə borcludur. 

3.2 Üzv digər partiyaların mənafeyini müdafiə ya da siyasətini təbliğ edə bilməz.

IV.Etik davranışın prinsipləri 

Partiya üzvü siyasi fəaliyyətini həyata keçirərkən aşağıdakı ümumi, Kodeksin pozulması ilə bağlı aparılan araşdırma zamanı nəzərə alınan prinsipləri əsas götürür: 

4.1 Dürüstlük 

Üzv Partiyanın məqsəd, dəyər və siyasətlərini qəsdən təhrif etmir, Partiya üzvlüyündən özünün, qohumlarının ya da dostlarının mənafeləri naminə istifadə etmir, mənafelərin toqquşmasına gətirib çıxaran davranışlara yol vermir. 

4.2 Hörmət 

Üzv hər kəsin haqq və azadlığına, qanuni mənafeyinə, şərəfinə, ləyaqətinə, işgüzar nüfuzuna hörmətlə yanaşır; qəsdən fiziki, mənəvi zorakılıqla və ya seksual qısnama ilə heç kimə zərər vurmur; yalan və açıq-aydın əsassız şikayətlər vermir. 

4.3 Şəffaflıq 

Üzv öz davranışında hər cür korrupsiya və vəzifədən sui-istifadəyə yol vermir.

V. Etik davranış qaydaları 

Üzv: 

5.1 Partiyanın orqan və üzvləri haqqında ictimai çıxışlarda, mətbuatda və sosial mediada həqiqətə uyğun olmayan, qarayaxma ya da aşağılayıcı çıxışlar, hərəkətlər etmir. 

5.2 Dəvət edildiyi toplantı və digər Partiya tədbirlərini üzrlü səbəb olmadan buraxmır. 

5.3 Verilən Partiya tapşırıqlarına məsuliyyətsiz yanaşmır, onların vaxtında icrasından yayınmır. 

5.4 Qanuni əsaslarla qapalı keçirilən Partiya toplantılarından məlumat sızmasına yol vermir, bu cür məlumatlardan sui-istifadə etmir. 

5.5 Mühacirət və digər sui-istifadə məqsədilə Partiyaya üzv olmur. 

5.6 Üzv seçki/referendum zamanı aşağıdakı davranışlara yol vermir: 

5.6.1. Partiyanın məsul qurumlarının qərarı olmadan müstəqil şəkildə ya da hər hansı digər partiya/blokdan namizəd olmur və ya özünü Partiyanın namizədi kimi təqdim etmir; 

5.6.2. Partiyanın qərarı olmadan parlament, prezident ya da bələdiyyə seçkisi zamanı başqa siyasi partiyanın və ya siyasi təşkilatın siyasi kampaniyasında iştirak etmir, onun namizədi, müşahidəçisi, hər hansı növdə hüquqi təmsilçisi olmur.

VI. Kodeksə əməl etməyənin məsuliyyəti 

6.1. Pozuntunun baş verdiyi və rəsmi müzakirəyə çıxarıldığı məqamdakı siyasi əhəmiyyətini əsas götürməklə yerli Partiya təşkilatı ya da Partiyanın Siyasi Komitəsi Kodeksin pozulmasına görə üzvə ən yüngüldən ən ağıra doğru aşağıdakı kimi tənbeh tətbiq edə bilər: 1) xəbərdarlıq; 2) töhmət ya da şiddətli töhmət; 3) Partiya üzvlüyündən xaric etmə. 

6.2. Kodeksinin pozulmasına dair müraciət iddia olunan pozuntunun aşkar edildiyi gündən 1 ay ərzində verilir. Pozuntu iddiası 1 ildən əvvəlki fakta əsaslanırsa, şəxs barəsində tənbeh tədbiri ancaq fövqəladə hallarda, Partiya Siyasi Komitəsi tərəfindən görülür.