Millət vəkili Erkin Qədirli vətəndaş cəmiyyəti gündəminə dair görüşlər keçirir

04.09.2020

REAL Partiyasının hökumətlə davam edən dialoqunda ilk gündən bəhs etdiyi mövzulardan biri də vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılmasıdır. Partiya məsələni mütəmadi olaraq dövlət qurumları qarşısında qaldırmaqla məhdudlaşmır. Vətəndaş cəmiyyəti təşkilatları ilə davamlı fikir mübadiləsi bu fəaliyyətin ayrılmaz hissəsidir.

Milli Məclisin 30 sentyabrda başlayan payız sessiyasında millət vəkili, REAL Partiyası Siyasi Komitəsinin üzvü Erkin Qədirli, vətəndaş cəmiyyəti təşkilatlarının iş şəraitini tənzimləyən bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə qanun layihəsi təqdim etməyi planlaşdırır.

2 sentyabrdan başlayaraq Erkin Qədirli və REAL Siyasi Komitəsinin digər üzvü Rəsul Cəfərov həmin qanun layihəsinin vətəndaş cəmiyyətinin mənafelərini əks etdirməsini təmin etməsi üçün bu sahənin nümayəndələri, hüquqşünaslar və ekspertlərlə görüşlər keçirirlər.

Görüşlərdə 2013-2014-cü illərdə tətbiq edilmiş və vətəndaş cəmiyyətinin inkişafına mane olan qanunvericilik dəyişiklikləri yenidən qiymətləndirilir və mövcud problemlərlə bağlı konkret təkliflər dinlənilir. Erkin Qədirlinin layihəsi bu təklif və müzakirələrin nəticələrinə əsaslanacaq.

Bəşir Süleymanlı, Samir Kazımlı, Səməd Rəhimli, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Şəhla İsmayıl, Ziya Quliyev, Dilarə Əfəndiyeva və İncə Əliyeva da daxil olmaqla vətəndaş cəmiyyəti təmsilçiləri ilə hələlik üç görüş keçirilib. Gələn həftəyə daha bir neçə görüş planlaşdırılır.