Respublikaçı Alternativ (REAL) Partiyasına dövlət qeydiyyatı haqda Şəhadətnamə təqdim olundu

01.09.2020

Bugün Ədliyyə Nazirliyi Respublikaçı Alternativ (REAL) Partiyasının rəsmi dövlət qeydiyyatı haqda Şəhadətnaməni partiya sədri İlqar Məmmədova təqdim etdi.
Bu münasibətlə nazirlikdə keçirilən görüşdə Ədliyyə Nazirinin müavini Toğrul Musayev bildirdi ki, qərar dünən Kollegiya iclasında qəbul olunub və bu gün partiyaya çatdırılır.
Görüş zamanı İlqar Məmmədov partiyaların qeydiyyatı sahəsində dövlət siyasətinin dəyişməsini təqdir edərək bunun real siyasi dəyişikliklər üçün zəmin yaratdığını vurğuladı.
REAL sədri həmçinin partiyanın hakimiyyətlə davam edən dialoqunda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün mühitin yaxşılaşdırılması mövzusunu bir neçə dəfə qaldırdığını xatırlatdı. Bu baxımdan Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin bugünlərdə QHT rəhbərləri ilə keçirdiyi görüşün həmin istiqamətdə də irəliləyişə yol açacağına inanmaq istədiyini ifadə etdi.
İlqar Məmmədov həmçinin Avropa Məhkəməsinin qərarlarından faydalı istifadənin onların icra dərəcəsindən asılı olduğunu, Məhkəmə-Hüquq Şurasının bu məsələdə vacib rol oynaya biləcəyini qeyd etdi.