03.08.2020
2020-ci il dövlət büdcəsində elm və təhsil xərclərinin səmərələləşdirilməsi haqqında Respublikaçı Alternativ partiyasının MÖVQEYİ
XÜLASƏ: Elm və təhsil xərcləri azaldılmasın, sərbəst qalan vəsait tələbələrin ali təhsil haqlarının qismən ödənilməsinə (75 milyon manat) və universitetlərin alim heyətlərinə qrant kimi (46 milyon manat) verilsin. Cari ilin iqtisadi zərbələrini yaşamış minlərlə ailə və gəncdən 2020/2021 üçün heç nə olmamış kimi təhsil haqqı tələb etmək yolverilməzdir. Universitet elminin inkişafına qrantlar isə milli strateji inkişaf məqsədlərimizə xidmət edər.
-------------
TAM MƏTN:
Cari il üçün büdcə qəbul olunarkən Respublikaçı Alternativ Milli Məclisdə hələ təmsilçilik qazanmamışdı. Odur ki, mövcud olan büdcənin tərtibatını obyektiv gerçəklik kimi qəbul edərək, hazırda diqqətimizi daha çox onun icrası üzərində cəmləməklə xalqın xidmətindəyik.
Bununla belə, mart ayından etibarən elan edilən covid-19 pandemiyası bütün ölkələrin iqtisadiyyatına, büdcə gəlir və xərclərinə təsir edib. Azərbaycan hökuməti yetərli və hərtərəfli olmasa da, o cümlədən Respublikaçı Alternativin ictimaiyyətə təqdim etdiyi hesablamalarla az da olsa uzlaşan şəkildə, əhaliyə və biznesə güzəştlər və ödəmələr həyata keçirdi.
Bu xərclər bəzi büdcə düzəlişləri üçün əsas yaradır deyə, Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə 2020-ci il büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi göndərməsi təəccüblü deyil.
Dəyişikliklərin bir hissəsi ehtiyacdan doğan və real vəziyyəti əks etdirəndirsə də, ayrıca qeyd etməliyik ki, elm və təhsil xərclərinin 121 milyon 29 min 862 manat azaldılması təklifi qətiyyən məqbul deyil.
Respublikaçı Alternativ hesab edir ki, elm və təhsil xərcləri bir qəpik də azaldılmamalıdır. Obyektiv səbəbdən bəzi xərclərin azalması qaçılmazdırsa da, əvvəldən nəzərdə tutulan elm və təhsil büdcəsi yenə də tam həcmdə başqa elm və təhsil istiqamətlərinə yönəldilməlidir.
Belə ki, 2019-cu ildə Konstitusiyanın 96-cı maddəsində göstərilmiş qaydaya uyğun olaraq 40 min imza toplayıb Milli Məclisə belə bir qanunvericilik təşəbbüsü təqdim etmişdik: “Dövlət İmtahan Mərkəzinə verdikləri imtahan nəticəsində ödənişli ali təhsil huququ qazanmış Azərbaycan vətəndaşlarının təhsil haqlarını müvafiq ali məktəblərə Azərbaycan Respublikasını Konstitusiyasının 42 maddəsinə əsaslanaraq dövlət büdcəsindən tam şəkildə ödəmək məqsədilə 2019-cu il dövlət büdcəsinin xərc hissəsində 150 milyon manat əlavə edilsin və müvafiq icra hakimiyyəti orqanı həmin məbləğin aidiyyatı üzrə bölüşdürülməsini təmin etsin”.
Başqa sözlə, ali təhsilin islahat dövründə tamamilə pulsuz edilməsini, bunun ötən il başlanılmasını istəmişdik.
Milli Məclis layihəmizi rədd etdi. Əvəzində, imza kampaniyamıza siyasi cavab olaraq, fevralın 14-də Prezident İlham Əliyev bu sahədə sərəncam imzalayıb hökümətə tapşırdı ki, ali məktəblərdə dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2018/2019-cı ildəki 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılsın. Qismən də olsa, 40 min imza təşəbbüsümüz tələbələrin maraqlarının qorunmasına xidmət etdi.
Bununla belə, böyük sayda tələbə və onların ailələri pandemiyanın zədələdiyi iqtisadi şəraitdə 2020/2021-ci ilin təhsil haqqını ödəməli olacaq. Bu yük çox ağırdır və özünün iqtisadi mahiyyətinə görə hələ də təhsil həvəsi üzərinə qoyulan vergi kimi qalır.
Milli Məclisə göndərilən 2020-ci il büdcəsinə dəyişikliklə bağlı qanun layihəsində elm və təhsilə ayrılan vəsait 121 milyon 29 min 862 manat azaldılır, azalmanın istiqamətləri bunlardır:
- Məktəbəqədər təhsil – 35 280 963
- Ümumi təhsil – 2 619 112
- Peşə təhsili – 93 477
- Orta təhsil – 274 970
- Ali təhsil – 163 495
- Əlavə təhsil – 110 651
- Təhsil sahəsində tətbiqi tədqiqatlar – 157 072
- Digər müəssisə və tədbirlər – 82 323 122
Respublikaçı Alternativ ümumi xərclərin azaldılması səbəblərini sorğulamaq əvəzinə təklif edir ki, xərclər azaldılmasın, bu iki isitiqamətə yönəldilsin:
1. 2020-2021-ci təhsil ilində ödənişli təhsil alan bütün tələbələrin təhsil haqqının mütənasib və bərabər şəkildə azaldılması üçün 75 mln manat ayrılsın;
2. Universitet elminin rolunu artırmaq məqsədilə qalan 46 milyon 298 min 620 manat ali təhsil müəssisələri daxilində və nəzdində fəaliyət göstərən alimlərin və elmi heyətlərin elmi araşdırma layihələrinə qrant şəkilində ayrılsın.
İnkişaf etmiş ölkələrdə universitetlər ətrafında qurulan elmi fəaliyyət iqtisadiyyatın strateji istiqamətlərinə ciddi töhfə verir. Bu təcrübənin Azərbaycanda tətbiqinə başlanılması üçün bu il yaranan fürsəti əldən vermək olmaz.
Elmi araşdırma bazasının ali məktəblərdə genişləndirilməsi bu sahədə rəqabətin artmasına, elmi araşdırmalarda universitetlərin potensialının yüksəlməsinə, ali məktəblərdə təhsilin keyfiyətinin artmasına, beynəlxalq çevrələrdə Azərbaycan ali məktəblərinin tanınmasına yol açacaq. Son nəticədə bu, uzunmüddətli iqtisadi yüksəliş məqsədlərinə xidmət edən adım olacaq. Məsələn, ölkəmiz üçün strateji önəm daşıyan elmi-texniki istiqamətlərə yönəlsə, bu vəsait qlobal enerji keçidi dövründə mühəndis-texniki imkanlarımızı gücləndirər, neft və qazdan sonrakı dövrə ölkəmizin texnoloji hazırlığını təmin edər.
Cari ilin iqtisadi zərbələrini yaşamış minlərlə ailə və gəncdən 2020/2021 üçün heç nə olmamış kimi təhsil haqqı tələb etmək yolverilməzdir. 75 milyon manat onların ali təhsil xərclərində dövlətin payı olmalıdır, ailə büdcələrinə təhsilin qiymətinə mütənasib dəstək olmalıdır.