About the second Azerbaijan-EU-Armenia meeting in Brussels

08.04.2022

Brüsseldə baş tutan ikinci Azərbaycan-Aİ-Ermənistan görüşü haqqında

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 6 aprel 2022-ci il tarixində Brüsseldə keçirilən ikinci görüşün nəticəsi olaraq, bir sıra razılığın, o cümlədən ölkələrimiz arasında sülh sazişinin hazırlanması barədə razılığın əldə olunduğu bəyan edilir.

Münaqişədən sonrakı dialoqun möhkəm və daimi sülh müqaviləsi ilə nəticələnməsi üçün Azərbaycan hökumətinin atdığı diplomatik addımlar və sülhpərvər strateji xətt Respublikaçı Alternativ (REAL) Partiyasının vizyonuna uyğundur.

Brüssel görüşü bu gedişatın daha bir təzahürü oldu. Azərbaycan və Ermənistan rəhbərləri xarici işlər nazirlərinə bütün zəruri məsələləri ehtiva edən sülh müqaviləsinin hazırlanmasını tapşırdı. Aprel ayının sonunadək Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və sərhəd xətti boyunca sabit təhlükəsizliyin təmin edilməsi üçün Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırıldı. Həmçinin, Ermənistan və Azərbaycan arasında kommunikasiya və nəqliyyat infrastrukturunun bərpası müzakirə edilib. Dəmir yolu xətlərinin bərpası üçün atılan addımlar müsbət qarşılanıb, avtomobil yollarının bərpası üçün addımların atılması da müzakirə olunub.

Yayılan bu xəbərlərlə yanaşı iştirakçıların verdiyi açıqlamalar da danışıqların milli maraqlarımıza uyğun şəkildə aparıldığı haqda təəssürat yaradır. Bununla belə, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasını istəməyənlərin regionumuza təsiri hələ zəifləməyib. Ancaq bu təsirin Bakı və İrəvanın birgə səyləri ilə neytrallaşdırılması Brüssel görüşünün praktiki qərar və addımlarla nəticələnməsinə imkan verər.