Charter

I. ÜMUMİ MÜDDƏALAR

1. Respublikaçı Alternativ (REAL) Partiyası Azərbaycan Respublikasının Konstitusiyası əsasında, özünün bu Nizamnaməsi və Proqramı çərçivəsində Respublikaçılıq prinsiplərinə uyğun olaraq Azərbaycanda hakimiyyətin qanunverici, icra və məhkəmə qollarının bir-birindən müstəqilliyini möhkəmlətmək məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi siyasi partiyadır.

Partiyanın hüquqi ünvanı: Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, ev 5, mənzil 10

II. PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2. Respublikaçı Alternativ (REAL) Partiyasının ali məqsədi müstəqil Azərbaycan dövlətində hakimiyyət bölgüsünün Respublika dəyərlərinə uyğun olaraq gücləndirilməsinə nail olmaqdan ibarətdir.

3. Respublikaçı Alternativ (REAL) Partiyası öz məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələri əsas hesab edir:

- Nizamnaməsində və Proqramında elan etdiyi məqsədlər naminə Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirmək;
- Konstitusiyada təsbit olunmuş Respublika prinsiplərini gücləndirmək üçün siyasi, hüquqi, iqtisadi və sosial dəyişikliklər nəzərdə tutan proqramlar və platformalar hazırlamaq;
- qanunların və digər normativ hüquqi aktların eləcə də onların layihələrinin bu dəyərlərə söykənən qiymətləndirilməsini keçirmək, onların qəbulunu, rədd edilməsini ya da təkmilləşdirilməsini nəzərdə tutan təşəbbüslərlə çıxış etmək;

4. Respublikaçı Alternativ (REAL) Partiyası onun əsas proqram məqsədləri və vəzifələri ilə razılaşan ictimai və siyasi təşkilatlarla əməkdaşlığa, digərləri ilə isə açıq və xoş məramlı dialoqa hazırdır.

5. Respublikaçı Alternativ (REAL) Partiyası dövlət hakimiyyətinin formalaşmasında bütün səviyyələrdə iştirak edir, seçkili dövlət və yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürür.

6. Respublikaçı Alternativ (REAL) Partiyası xarici ölkələrin mütərəqqi hesab etdiyi partiyaları və ictimai təşkilatları ilə siyasi əlaqələrin qurulması və geniş beynəlxalq əməkdaşlıq uğrunda çıxış edir.

III. PARTİYANIN TƏŞKİLATİ PRİNSİPLƏRİ VƏ ÜZVLÜK QAYDALARI

7. Partiyaya üzvlük fərdidir.

8. Partiyanın Nizamnaməsini və Proqramını qəbul edən, siyasi partiyada üzvlüyü Konstitusiyaya görə qadağan olunmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının 18 yaşına çatmış, fəaliyyət qabiliyyətli hər bir vətəndaşı dinindən, dilindən, cinsindən, sosial və etnik mənşəyindən asılı olmayaraq partiyanın üzvü ola bilər. Partiyaya qəbul şəxsi ərizə və Azərbaycan Respublikasının müvafiq şəhərində, inzibati rayonunda ya da seçki dairəsində yerləşən yerli partiya təşkilatının qərarı əsasında aparılır. REAL üzvünə vahid nümunə üzrə üzvlük vəsiqəsi təqdim edilir.

9. Partiyanın üzvü aşağıdakı hüquqlara malikdir:
- partiyanın rəhbər orqanlarına seçmək və seçilmək;
- partiyanın siyasətinin müəyyən olunmasında, onun fəaliyyətinə aid məsələlərin müzakirəsində iştirak etmək;
- partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün təkliflər vermək;
- partiyanın siyasətinə və onun orqanlarının bütün əməli fəaliyyətinə aid məsələləri müzakirə, təqdir və tənqid etmək;
- partiyanın dövlət, ictimaiyyət və bütün partiya üzvləri üçün nəzərdə tutulmuş siyasi sənədləri ilə tanış olmaq;
- partiyada üzvülüyünü dayandırmaq və yaxud partiyadan çıxmaq;
- barəsində çıxarılmış qərardan partiyanın nəzarət qurumuna və ya məhkəməyə şikayət vermək.

10. REAL üzvünün partiyadan çıxmaq məsələsinə onun özünün ərizəsi əsasında baxılır. Ərizə yerli partiya təşkilatında müzakirə edilərək qərar çıxarılır və bu barədə yuxarı orqanlara yazılı məlumat verilir.

11. Partiya üzvünün vəzifələri aşağıdakılardır:
- özünün əməli fəaliyyəti ilə partiyanın siyasətinin həyata keçirilməsinə kömək etmək;
- partiyanın proqram müddəalarına riayət etmək və onun siyasi, ideoloji, təşkilati prinsiplərinə uyğun fəaliyyət göstərmək;
- partiyanın işində fəal iştirak etmək, partiyanın qoyduğu vəzifələri yerinə yetirmək;
- partiyanın ideyalarını təbliğ etmək, partiya intizamına riayət etmək;
- müəyyən olunmuş qaydada üzvlük haqqını ödəmək.

12. Partiyanın üzvləri bu Nizamnamənin müddəalarına əməl etməyə və onun rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə borcludurlar. Bu tələblər yerinə yetirilmədikdə, partiyanın orqanları tərəfindən onların haqqında xəbərdarlıq, töhmət, şiddətli töhmət, partiya üzvlüyündən çıxarılma kimi istənilən intizam tədbiri görülə bilər.

13. REAL üzvünün partiyadan xaric edilməsi haqqında qərar yerli partiya təşkilatı tərəfindən qəbul olunur. Bu qərar Siyasi Komitə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Partiya üzvünün bu qərardan partiyanın ali rəhbər orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
IV. PARTİYANIN TƏŞKİLATİ QURULUŞU

14. REAL Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərir. Partiyanın əsasını yerli (şəhər, rayon, qəsəbə ya da dairə) partiya təşkilatı təşkil edir.

15. Partiya üzvü ancaq bir yerli partiya təşkilatının qeydiyyatında dura bilər.

16. Yerli partiya təşkilatının yaradılması barədə qərar azı üç nəfər REAL üzvünün iştirak etdiyi təsis yığıncağı tərəfindən qəbul edilir və bu qərar Siyasi Komitə tərəfindən təsdiq olunandan sonra qüvvəyə minir.

17. Yerli partiya təşkilatının rəhbər orqanı ümumi yığıncaqdır. Ümumi yığıncaq üç ayda bir dəfədən az olmayaraq keçirilir. Yığıncaq yerli partiya təşkilatında qeydiyyatda duran üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Onun qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Növbədənkənar yığıncaq qeydiyyatda olan üzvlərin üçdə bir hissəsinin tələbi ilə ya da yerli partiya təşkilatı sədrinin qərarı ilə çağırıla bilər.

18. Yerli partiya təşkilatının ümumi yığıncağında təşkilatın işinə rəhbərlik etmək üçün iki il müddətinə sədr və onun müavinləri seçilir. Sədr və müavinlər REAL-ın rəhbər orqanlarının qərarlarının həyata keçirilməsi işini təşkil edir, partiyanı yerli ictimai və siyasi təşkilatlarla, hakimiyyət orqanları ilə əlaqələrdə təmsil edir, üzvlərin təşəbbüslərini yerli partiya təşkilatının digər üzvlərinə və partiyanın rəhbər orqanlarına çatdırılmasını təmin edir, partiyanın proqram, məqsəd və imkanlarına uyğun olan belə təşəbbüslərin icrasını təşkil edirlər. Yerli partiya təşkilatının sədri müəyyən səbəblər üzündən fəaliyyətini dayandırdıqda, yeni sədr seçilənə qədər sədr müavinlərindən birinə bu vəzifənin icrasını həvalə edir.

19. Yerli partiya təşkilatına aid üzvlərin 2/3 hissəsi özünün sədrinə ya da sədr müavinlərinə qarşı etimadsızlıq qərarı çaxarırsa, vaxtından əvvəl yeni sədr ya da sədr müavinlərini seçilir.

V. PARTİYANIN RƏHBƏR ORQANLARI

20. Partiyanın rəhbər orqanları Qurultaydan, Siyasi Komitədən və Sədrdən ibarətdir. Partiyanın nəzarət-təftiş orqanı Nəzarət-Təftiş Komissiyasıdır.

21. Partiyanın ali rəhbər orqanı dörd ildən bir çağırılan qurultaydır. Siyasi Komitənin tələbi ilə növbədənkənar qurultay çağırıla bilər. Qurultaya yerli təşkilatların nümayəndəlik kvotası Siyasi Komitə tərəfindən təyin edilir. Yerli partiya təşkilatları tərəfindən seçilmiş nümayəndələrin yarıdan çoxu iştirak etdikdə qurultay səlahiyyətli sayılır. Qurultayın çağırılma müddəti, nümayəndəlik kvotaları və gündəliyi qurultayın keçiriləcəyi gündən azı iki həftə əvvəl Siyasi Komitə tərəfindən elan edilir. Təsis qurultayına sədrliyi Təşkilat Komitəsinin təqdim elədiyi şəxs edir. Sonrakı qurultayın sədri qurultayı partiya sədri açıq elan edəndən sonra qurultay nümayəndələri arasından seçilir.

22. Qurultay:

- partiyanın Nizamnaməsini və Proqramını qəbul edir, ona dəyişikliklər, əlavələr edir;
- Təsis Qurultayında Təşkilat Komitəsinin təqdimatı ilə, sonrakı qurultaylarda isə Siyasi Komitənin eləcə də qurultay nümayəndələrinin təqdimatı ilə Siyasi Komitə üzvlərini seçir;
- partiyanın rəhbər orqanlarının hesabatlarını dinləyir və təsdiq edir;
- Nəzarət-Təftiş Komissiyasının 5 nəfərdən ibarət ilk tərkibini seçir;
- bütün qərarlarını Təsis Qurultayında açıq səsvermə, sonrakı qurultaylarda isə Qurultay iştirakçılarının ayrıca qərarı əsasında açıq ya da gizli səsvermə ilə verir;
- Siyasi Komitə müvafiq təqdimat verərsə partiyanın Nizamnamə və Proqramından irəli gələn digər məsələləri həll edir.

23. Qurultaya seçilmiş nümayəndələrin 2/3 iştirak etdikdə Qurultay səlahiyyətlidir. Qurultayda bütün qərarlar iştirak edən nümayəndələrin səslərinin yarısından çoxu ilə qəbul olunur.

24. Siyasi Komitə qurultaylararası dövrdə partiyanın fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikası Milli Məclisində REAL partiyasını təmsil edən partiya üzvləri və əhalisi 75 min nəfərdən ibarət olan bələdiyyələrin sədrləri REAL partiyasının üzvü olduqda avtomatik olaraq Siyasi Komitənin üzvləridirlər. Siyasi Komitənin iclasları zəruri hallarda, lakin ayda bir dəfədən az olmamaqla, çağırılır. Siyasi Komitənin səlahiyyəti növbəti qurultaya qədərdir.

24.1 Siyasi Komitə Qurultayda formalaşandan sonra:

- partiyanın sədrini seçir (Sədrin səlahiyyət müddəti növbəti qurultaya qədərdir, bir şəxs partiyanın dövlət qeydiyyatı günündən etibarən toplam səkkiz ildən çox sədr vəzifəsində ola bilməz);
- partiyanın siyasi fəaliyyətini həyata keçirir;
- partiyanın qurultayını çağırmaq haqda qərar qəbul edir;
- partiyanın İcra katibini və digər katibləri öz sıralarından seçir;
- partiya üzvləri sırasından Siyasi Komitəyə yeni üzvlər təyin edir;
- öz qərarlarını bütün üzvlərinin sadə səs çoxluğu ilə, o cümlədən Qurultayda seçilmiş bütün üzvlərinin 2/3-nin səsi əsasında qəbul edir;
- partiya sədrinin rəhbərliyi ilə öz mütəmadi işini təşkil edir;
- daimi və müvəqqəti komissiyalar yaradır, onların əsasnamələrini təsdiq edir, fəaliyyətlərini əlaqələndirir;
- Gənclər Birliyi, Seçki Qərərgahını, digər partiyadaxili strukturları zərurət saydığı hallarda yaradır, buraxır, onların əsasnamələrini təsdiq ya da ləğv edir;
- yerli partiya təşkilatları haqqında əsasnamələri təsdiq edir;
- zəruri saydığı hallarda yerli partiya təşkilatlarının fəaliyyətini dayandırır, onları buraxır, yenidən təşkil edir;
- partiyanın daxili həyatı və siyasətinin təxirəsalınmaz məsələlərinə baxır;
- bəyanatlarla və müraciətlərlə çıxış edir;
- partiyanın büdcəsinin formalaşdırılması və istifadəsi ilə bağlı qərar qəbul edir;
- partiya adından bağlanmış sazişləri təsdiq edir;
- yerli partiya təşkilatlarının yaradılması haqqında təsis iclaslarının qərarlarını təsdiq edir;
- bütün üzvlərinin 2/3-nün, o cümlədən Qurultayda seçilmiş Siyasi Komitə üzvlərinin 2/3-nin qərarı ilə partiya üzvünü partiya sıralarından xaric edir;
- dövlət orqanları ilə, ictimai-siyasi təşkilatlar ilə əlaqələr yaradır;
- Partiyanın icra qurumlarının strukturunu və iş planını təsdiq edir;
- Öz işinin səmərəli təşkili üçün əlavə partiyadaxili qurumlar təsis edir;
- təsdiq olunmuş büdcə daxilində partiyanın cari maliyyə məsələlərini həll edir;
- partiyanın adından parlament, prezident və bələdiyyə seçkilərində iştirak edəcək namizədləri təyin edir və ya bu səlahiyyəti Qurultaya həvalə edir;
- Nizamnamədən irəli gələn digər məsələləri həll edir.

24.2 Sədr:

- partiyanın Proqram və Nizamnaməsinin məqsəd və vəzifələrinə uyğun partiyaya ümumi rəhbərlik edir;
- dövlət orqanlarında, yerli və beynəlxalq təşkilatlarda, Respublikada və xaricdə partiyanı təmsil edir;
- partiya adından sənədləri imzalayır;
- Nizamnamə və Proqram əsasında digər vəzifələri yerinə yetirir.

25. Nəzarət-Təftiş Komissiyasının beş nəfərdən ibarət ilk tərkibi Qurultayda seçilir və onun tərkibi hər üç aydan bir rotasiya qaydasında avtomatik olaraq dəyişir. Rotasiya üçün üzvlər siyahısı sonuncu Qurultay nümayəndələrinin siyahısıdır. Rotasiya nümayəndələrin soyadlarının əlifba sırası ilə aparılır. Nəzarət-Təftiş Komissiyasının iclası onun üzvlərinin 4/5-nin iştirak etdiyi halda səlahiyyətlidir, qərarları Komissiya üzvlərinin 4/5-nin səsini qazandıqda qəbul olunmuş sayılır.

VI. PARTİYANIN HÜQUQİ STATUSU

26. Partiya hüquqi şəxsdir. Partiyanın adı yazılmış möhürü və ştampı, özünün rəmzi, digər rekvizitləri, banklarda cari hesablaşma hesabı və digər hesabları vardır.

27. Partiyanın mülkiyyətinə binalar, qurğular, nəqliyyat vasitələri, səhmlər, qiymətli kağızlar və onun fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər əmlak daxil ola bilər.

28. Partiyanın büdcəsi üzvlük haqları, ianə, subsidiya, sərgi və başqa tədbirlərdən əldə edilən gəlir, nəşriyyat fəaliyyəti, qanunla qadağan olunmayan digər gəlirlər hesabına formalaşır. Üzvlük haqqının məbləğini Siyasi Komitə müəyyən edir.

29. Qanunvericiliyə uyğun olaraq partiyanın nəşriyyatı, mətbəələri, mətbu orqanları və digər kütləvi informasiya vasitələri ola bilər.

30. Partiya qurultayın qərarı ilə, seçilmiş nümayəndələrin ən azı üçdə iki hissəsinin səsi əsasında ləğv edilə bilər. Partiyanın ləğv edilməsi üçün yeni tərkibdə qurultay çağırılmalıdır. Partiyanın fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir, ləğv zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.