Respublikaçı Alternativ (REAL) 2009-cu ildə yeni nəsil siyasətçilər tərəfindən təsis edilib. Təşkilatımızın yaranmasının əsas səbəbi Azərbaycanda «bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə» qoyulan Ana Yasa qadağasının referendum vasitəsilə ləğv olunmasına qarşı etiraz idi. Biz hesab edirik ki, bu qadağanın ləğvi bir şəxsə siyasi hakimiyyəti zəbt etmək imkanı verdi və Cümhuriyyət təməllərini zədələmiş oldu.
Respublikaçı Alternativ Xalqın maraqları naminə Xalqın seçdiyi Xalq hakimiyyətini mümkün edən CÜMHURİYYƏT qurmaq istəyir! Bizim məqsədimiz, Ana Yasa islahatı və siyasi sahədə ciddi demokratik dəyişikliklər etmək, ölkə siyasətini barış və sivil qaydalar üzərində qurmaqdan ibarətdir.
Respublikaçı Alternativ ədalətli qanunlarla idarə olunan HÜQUQİ DÖVLƏT qurmaq istəyir! Bizim məqsədimiz hüquq-mühafizə sistemində geniş islahatlar həyata keçirmək və hər bir vətəndaşı qanun qarşısında bərabər etməklə insanları ədalətli məhkəməyə sözdə deyil işdə inandırmaqdan ibarətdir.
Respublikaçı Alternativ insan dəyərinə söykənən ZƏNGİN DÖVLƏT qurmaq istəyir! Bizim məqsədimiz iş həyatına dövlətin müdaxiləsini aradan qaldıraraq iş adamlarına sərbəst fəaliyyət imkanları açmaq, dəyər yaradan iqtisadiyyat, keyfiyyətli və müasir təhsil və səhiyyə sistemi formalaşdırmaq; mədəniyyət sahəsinə diqqəti artırmaqla yanaşı bu sahəni də dövlətin müdaxiləsindən azad etmək, yaradıcı insanların sərbəst fəaliyyəti üçün şərait yaratmaqdan ibarətdir.
Respublikaçı Alternativ yaxın keçmişimizə həqiqi tarixi qiymət verərək və siyasəti dedi qodulardan azad edərək AÇIQ CƏMİYYƏT qurmaq istəyir!
Biz ölkəmizi müstəqil və zəngin, insanlarımızı xoşbəxt və varlı, gənclərimizi qürurlu, savadlı və müstəqil, cəmiyyətimizi sağlam, dövlətimizi ədalətli, gələcəyimizi ümidli və işıqlı görmək istəyirik!
2014-cü ilin Yanvar ayında Respublikaçı Alternativ partiyalaşma qərarı verib. Bununla əlaqədar Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu təsis edilib.