Respublikaçı Alternativ Hərəkatı Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətini ittiham etməsini qınayır və bunu avtoritar idarəetmə mövqeyindən irəli gələn əsassız bir ittiham kimi qiymətləndirir.
Belə ki, İlham Əliyev dekabrın 24-də Sumqayıt şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binasının istifadəyə verilməsi mərasimində çıxışı zamanı Azərbaycan Xalq Cümhuriyyətini cinayətkarlıqda itiham etmişdir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin birinci qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək haqqında qəbul edilmiş qərar idi... Bu gün də demək istəyirəm ki, bu böyük səhv idi və bu böyük cinayət idi...”.
Azərbaycan Cümhuriyyətinin yaradılması ölkə hüdudlarından kənarda, Tiflis şəhərində baş vermişdir. O zaman Şərqdə ilk demokratik və dünyəvi dövlətin qurucuları ölkə ərazisinə nəzarət etmirdilər. 1918-ci il mart qırğınlarından sonra Azərbaycan ərazilərinin böyük hissəsi bolşevik-daşnak qüvvələrinin nəzarəti altına düşmüşdü. Buna görə də cümhuriyyətimizi quranların ilkin vəzifəsi ölkəni, Heydər Əliyevin vaxtilə milli qəhrəman adlandırıb, 100 illik yubileyini təntənə ilə keçirtdiyi Şaumyan işğalından azad etmək idi. Cümhuriyyəti quranlar bu işi uğurla həyata keçirmiş, diplomatik və hərbi səylərlə Bakını düşmən tapdağından azad etmişdilər. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıtdırmağa da müvəffəq olmuşdu. 1919-cu ildə Dağlıq Qarabağın erməni əhalisi rəsmən Azərbaycan tabeçiliyini qəbul etmiş və Azərbaycanın Qarabağ general-qubernatorluğu da yaradılmışdı. Eyni zamanda Zəngəzur ermənilərinin də bir hissəsi özünü məhz Azərbaycan Cümhuriyyətinin təbəəsi hesab etmişdi. Bu baxımdan Azərbaycan Xaql Cümhuriyyəti elan olunan vaxtdan ərazi itirməyib, əslində işğal altında olan ərazilərin xeyli hissəsini azad etməyə müvəffəq olmuşdur.
Bütün bunları nəzərə çatdıraraq Respublikaçı Alternativ Hərəkatı hakimiyyətin yadına salmaq istəyir ki, ölkənin Dağlıq Qarabağdan kənar 5 rayonu məhz bu hakimiyyətin dövründə itirilib və bu itkilərdən sonra isə, indiki hakimiyyət atəşkəs imzalayıb.
Artıq 20 ildir torpaqlarımız işğal altındadır. 10 ildir bilavasitə İlham Əliyev prezidentdir, amma torpaqların işğaldan azad edilməsi istiqamətində zərrə qədər də irəliləyiş yoxdur. Tarixi tamamilə yanlış interpretasiya edib, Azərbaycan Xalq Cümhuriyyəti irsinə "cinayətkar” damğası yapışdırmaqdansa, İlham Əliyevin bu məsələlər barədə düşünməsi daha müvafiq olardı.
Respublikaçı Alternativ Hərəkatı bəyan edir ki, bu günkü Azərbaycan Respublikasının əsası Azərbaycan Cümhuriyyətinin rəhbərləri tərəfindən qoyulmuşdur. Ölkənin ilk Respublikasını yaradıb istiqlaliyyətini elan edən şəxsləri cinayətkar adlandırmaq hazırkı hakimiyyətin demokratik dəyərlərə olan münasibətindən irəli gəlir. Ölkəni avtoritar üsullarla idarə edən indiki hakimiyyətə demokratik idarəetməyə malik Azərbaycan Cümhuriyyətinin dəyərləri və fəlsəfəsi tamamilə yaddır. Çünki bu hakimiyyətin başında duranlar dövləti özlərinin şəxsi mülkiyyəti hesab edirlərsə, cümhuriyyətimizin baniləri əksinə özlərini Azərbaycan dövləti ideyasına, onun istiqlalı və demokratik dəyərlərinə qurban vermişdilər.
Respublikaçı Alternativ Hərəkatı bu hakimiyyətdən fərqli olaraq Respublikamızın Azərbaycan Cümhuriyyətinin varisi olduğunu səmimi və prinsipial şəkildə ifadə edir. Azərbaycan xalqı, İlham Əliyev Azərbaycanda olmayanda onun istiqlaliyyətini meydanlarda mübarizə ilə bərpa etmişdir. Biz Respublikaçı Alternativ Hərəkatı olaraq bəyan edirik ki, Azərbaycan xalqının dəstəyi ilə Cümhuriyyətimizin demokratiyasını da yaxın gələcəkdə bərpa edəcəyik!
Bakı şəhəri,
26.12.2012