Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin Qərarı

29.03.2021

Respublikaçı Alternativ (REAL) Partiyası
Siyasi Komitəsinin Qərarı
 
2020-ci il martın 5-də REAL Partiyasının Siyasi Komitəsi yekdilliklə qərar vermişdi ki, partiyanın “Milli Məclisdə təmsilçiliyinin Cümhuriyyətçi məqsədlərimizə faydasını indidən qiymətləndirmək mümkün deyil. Qarşıdakı bir il ərzində var gücümüzlə bu təmsilçiliyimizin səmərəsini təmin etməyə çalışmalıyıq və dövrün yekunlarını yenidən qiymətləndirib təkrar qərar verəcəyik.” Partiyanın müvafiq bəyanatında həmçinin deyilirdi: “REAL-ın qurucu üzvü olan Erkin Qədirliyə bu çətin işində uğur arzulayır və ona hər cür dəstək olmağa hazır olduğumuzu bəyan edirik. İnanırıq ki, Erkin Qədirlinin fəaliyyəti Cümhuriyyət hədəflərimizə xidmət edəcək.”
2021-ci il martın 29-da REAL Partiyasnın Siyasi Komitəsi ilin yekunlarını təhlil edərkən aşağıdakıları müəyyən etdi:
- Milli Məclisin keçirilən 48 iclasından on səkkizində təmsilçimiz iyirmi iki çıxış edib;
- onun verdiyi 37 müsahibədən iyirmisi televiziyalara, on dördü internet televiziyalarına, üç müsahibə isə yazılı şəkildə olub və onlardan çoxu geniş ictimai əks-səda yaradıb;
- deputatımıza vətəndaşlardan 161 müraciət daxil olub;
- bu müraciətlər əsasında dövlət qurumlarına 26 deputat sorğusu və 64 deputat müraciəti göndərilib;
- 26 deputat sorğusundan iyirmi üçünə cavab gəlib, birinə cavab gəlməyib, iki sorğunun isə baxılma müddəti hələ bitməyib;
- 64 deputat müraciətindən qırx biri cavablandırılıb, on yeddi müraciət cavablandırılmayıb, altı müraciətin isə baxılma müddəti hələ bitməyib;
- 22 nəfərə ictimai əsaslarla hüquqi yardım göstərilib;
- deputata gələn 35 müraciət qanunvericiliyə uyğun olmayıb;
- normal qaydada görüşlərin keçirilməsini karantin tədbirləri əngəllədiyinə görə, məhdudiyyətlərə riayət edilməklə seçicilərlə 14 görüş keçirilib;
- Qeyri-hökumət təşkilatlarının işini tənzimləyən qanunvericiliyinin hazırlanması üçün QHT rəhbərləri ilə 6 görüş, bir görüş isə videokonfrans formatında xarici və beynəlxalq donorlarla keçirilib;
- vətəndaş müraciətlərinin daha operativ alınması və deputat fəaliyyətinin şəffaflığı üçün Erkin Qədirlinin internet saytı yaradılıb.
Bundan başqa, REAL partiyasının Milli Məclisdə təmsil olunması bir sıra digər nəticələr üçün yaxşı siyasi atmosfer yaratmışdır. Bunlardan:
- iqtidar-müxalifət dialoqu başlanıldı və bu dialoq 44 günlük müharibə ərəfəsində və dövründə milli birlik gündəmini yönəldərək gücləndirdi, qələbəyə xidmət etdi;
- dialoq çərçivəsində siyasi məhbuslardan başlayaraq iqtisadi siyasətə qədər bir çox milli əhəmiyyətli məsələlər haqqında partiyanın Prezident Administrasiyası ilə birbaşa və mütəmadi fikir mübadiləsi aparılır;
- Azərbaycan tarixində ilk dəfə onlayn qaydada qurultay keçirərək partiya dövlət qeydiyyatından keçdi və artıq rəsmən parlament partiyasına çevrildi;
- Siyasi Komitənin üzvü Erkin Qədirli Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətində yer qazandı və ölkə tarixində ilk dəfə nümayəndə heyətinin Strasburqda verdiyi səslər bütün demokratik ölkələrdə olduğu kimi bölünməyə başladı;
- Partiyanın Gənclər Birliyi yaradıldı;
- Partiyanın sədri İlqar Məmmədov bəraət qazanaraq prezident seçkilərində iştirak etmək haqqını bərpa etdirdi;
- Partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov bəraət alaraq peşə fəaliyyəti üçün hüquqi maneələri aşdı.
Yuxarıda göstərilən dinamikaya əsaslanaraq Siyasi Komitə hesab edir ki, partiyanın Milli Məclisdə təmsil olunması ölkədə Cümhuriyyət təməllərinin möhkəmləndirilməsi işində daha səmərəli xidmət göstərməyimizi mümkün edir və bu təmsilçilik davam etdirilməlidir.